İran İnqilab Keşikçiləri Korpusu ölkənin cənub-şərqində silahlı qrupa qarşı əməliyyat keçirib
İran İslam İnqilabı Keşikçiləri Korpusu Səravanda silahlı qrupa qarşı əməliyyat keçirdiyini açıqlayıb. Əməliyyatın kəşfiyyat məlumatları əsasında Qüds quru qüvvələri ilə birgə həyata keçirildiyi bildirilir. İran tərəfinə görə, əməliyyat zamanı bir nəfər öldürülüb. Qrupun altı üzvü və tərəfdarı saxlanılıb. Ərazidən 20 bağlama partlayıcı maddə və müxtəlif silahların aşkarlandığı bildirilir. Bundan başqa, peyk rabitəsi üçün istifadə olunan “Starlink” cihazlarının ələ keçirildiyi açıqlanıb. İnqilab Keşikçiləri Korpusu qrupun vilayətin cənubunda hücumlar planlaşdırdığını iddia edir. İran tərəfi həmin şəxslərin İsrail və ABŞ ilə əlaqəli olduğunu bildirsə də, bu iddianı təsdiqləyən müstəqil sübutlar təqdim olunmayıb.
Qərbi Azərbaycan ərazisində silahlı qrup zərərsizləşdirilib - İran
İranın İslam İnqilabı Keşikçiləri Korpusu Qərbi Azərbaycan ərazisində silahlı qrupun zərərsizləşdirildiyini açıqlayıb. Məlumata görə, əməliyyat Mahabad və Piranşəhr yaxınlığındakı dağlıq ərazilərdə keçirilib. Təhlükəsizlik qüvvələri ilə silahlı qrup arasında baş vermiş toqquşmada ağır silahlardan istifadə olunub. İran tərəfi dörd nəfərin öldürüldüyünü bildirib. Əməliyyat zamanı silah və digər hərbi təyinatlı avadanlıqların da ələ keçirildiyi qeyd olunub. Rəsmi Tehran qrupu "silahlı terrorçu-separatçı dəstə" adlandırıb. Hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.