İsrail Livanın cənubunda hücumları davam etdirir
İsrail qüvvələri Livanın cənubunda son saatlarda bir sıra hücumlar həyata keçirib. Hula kəndinin bombalandığı, lakin ilkin məlumatlara görə, itkilərin olmadığı bildirilib. Əl-Mənsuri və Məcdəl Zun arasındakı bəzi evlər İsrail ordusu tərəfindən partladılıb. İsrailə məxsus pilotsuz uçuş aparatı Əli ət-Tahir yüksəkliklərinə iki mərhələdə zərbələr endirib. İsrail qüvvələri Halta kəndinə də basqın edib. Basqın zamanı üç nəfər saxlanılıb və onların saxlanılma səbəbi açıqlanmayıb. Kəfr Təbnitdə güclü partlayış törədildiyi və əraziyə tüstü yayıldığı bildirilib. Livanın cənubunda İsrailin hərbi əməliyyatları davam edir.
BƏƏ İranın Küveytə raket və pilotsuz uçuş aparatları ilə hücumunu kəskin pisləyib
Birləşmiş Ərəb Əmirlikləri İranın Küveytə hücumunu ən sərt şəkildə pisləyib. BƏƏ Xarici İşlər Nazirliyi hücumda raketlərdən və pilotsuz uçuş aparatlarından istifadə edildiyini bildirib. Əbu-Dabi hadisəni Küveytə qarşı təcavüzkar hücum kimi qiymətləndirib. Nazirlik hücumun Küveytin suverenliyinin açıq şəkildə pozulması olduğunu vurğulayıb. İranın hərbi addımlarının ölkənin təhlükəsizliyinə birbaşa təhdid yaratdığı bildirilib. BƏƏ Küveytin sabitliyinin qorunmasının vacibliyini önə çəkib. Açıqlama bölgədə hərbi gərginliyin artdığı bir dövrdə verilib. İranın son hücumları Körfəz ölkələrinin Tehrana qarşı mövqeyinin daha da sərtləşməsinə səbəb olur.
Bəhreyn İranın Küveytə hücumlarını kəskin pisləyib
Bəhreyn İranın qonşu Küveytə qarşı yönəlmiş raket və pilotsuz uçuş aparatı hücumlarını kəskin şəkildə pisləyib. Rəsmi Manama bu hərəkətləri Küveytin dövlət suverenliyinin və beynəlxalq hüquq normalarının kobud pozuntusu adlandırıb. Bəhreyn Xarici İşlər Nazirliyi qeyd edib ki, bu cür hücumlar bölgədə gərginliyin azaldılması təşəbbüslərinə ciddi zərbə vurur. Bəyanatda Küveytin təhlükəsizliyinin birbaşa Bəhreynin milli təhlükəsizliyi ilə eyni olduğu xüsusi vurğulanıb. Bəhreyn rəhbərliyi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasını qətiyyətli və çəkindirici addımlar atmağa çağırıb. Şuranın İrandan hücumları dayandırmağı və beynəlxalq öhdəliklərinə əməl etməyi tələb etməsi istənilib. Eyni zamanda Hörmüz boğazında və mühüm su yollarında dəniz nəqliyyatının qorunmasının zəruriliyi diqqətə çatdırılıb.
İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp
ABŞ Prezidenti Donald Tramp İranla yenidən başlayan döyüşlərin uzun çəkməyəcəyini bildirib. O, ABŞ-nin Hörmüz boğazına nəzarət etdiyini iddia edib. Trampın sözlərinə görə, hər gün çoxlu sayda gəminin boğazdan çıxmasına şərait yaradılır. Bu gəmilərin milyonlarla barrel neft daşıdığı bildirilir. ABŞ Prezidenti gəmi keçidlərinin əsasən problemsiz həyata keçirildiyini deyib. O, İranın vaxtaşırı pilotsuz uçuş aparatlarından istifadə etdiyini iddia edib. Tramp ABŞ qüvvələrinin həmin aparatları vurduğunu bildirib. ABŞ Prezidenti Vaşinqtonun Hörmüz boğazında güclü nəzarətə malik olduğunu vurğulayıb.
İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb
İran ABŞ-nin son hücumlarına cavab olaraq hərbi əməliyyata başladığını açıqlayıb. İran Silahlı Qüvvələrinin məlumatına görə, bölgədəki ABŞ hərbi bazaları və maraqları hədəfə alınır. Hücumlarda raketlərdən və pilotsuz uçuş aparatlarından istifadə edildiyi bildirilir. Tehran əməliyyatın ABŞ-nin İran ərazisinə endirdiyi zərbələrə cavab olduğunu bəyan edib. İran bundan əvvəl ölkəsinə hücumlarda istifadə olunan bölgədəki obyektləri hədəfə ala biləcəyi barədə xəbərdarlıq etmişdi. ABŞ isə İran ərazisindəki hədəflərə yeni zərbələr endirdiyini açıqlayıb. İranın hansı ABŞ bazalarını vurduğu barədə hələlik ətraflı məlumat verilməyib. Son qarşılıqlı hücumlar bölgədə hərbi gərginliyin daha da artdığını göstərir.
İraq Kürdüstanında pilotsuz uçuş aparatı hücumlarından sonra neft hasilatı bərpa olunub
İraqın Kürdüstan bölgəsində neft hasilatı pilotsuz uçuş aparatı hücumlarından sonra bərpa edilib. Bölgədə gündəlik hasilat hazırda 220-230 min barel səviyyəsindədir. Hasilat neft şirkətlərinin fəaliyyətlərini yenidən bərpa etməsindən sonra yüksəlib. Şirkətlərin işindəki fasilələr ABŞ və İsrailin İranla müharibəsi dövründə həyata keçirilən hücumlarla əlaqələndirilir. Təhlükəsizlik problemləri bəzi şirkətlərin fəaliyyətlərini müvəqqəti dayandırmasına səbəb olmuşdu. Hazırda neft sektorunda fəaliyyətin tədricən normallaşdığı bildirilir. Bununla belə, hücumların hansı tərəf tərəfindən həyata keçirildiyi açıqlanmayıb. Bölgədə təhlükəsizlik vəziyyətinin neft hasilatına gələcək təsiri hələ də əsas məsələlərdən biri olaraq qalır.
İraq Bağdadda pilotsuz uçuş aparatlarının hazırlanması cəhdinin qarşısını alıb
İraqın Milli Təhlükəsizlik Xidməti Bağdadda pilotsuz uçuş aparatlarının hazırlanması cəhdinin qarşısını alıb. Əməliyyat nəticəsində üç şübhəli şəxs saxlanılıb. Onların Bağdad daxilində pilotsuz uçuş aparatları hazırlamağa çalışdıqları bildirilir. Saxlanılan şəxslərin kimliyi və mümkün əlaqələri barədə məlumat açıqlanmayıb. Hazırlanan aparatların hansı məqsədlə istifadə ediləcəyi də məlum deyil. Hadisə bölgədə təhlükəsizlik gərginliyinin davam etdiyi bir dövrə təsadüf edir. İraq hökuməti ölkədə silahların yalnız dövlətin nəzarətində olmasına çalışır. Bağdad həmçinin müxtəlif silahlı birləşmələrin tərksilah edilməsi istiqamətində tədbirlər görür.
Baykar süni intellektlə təchiz edilmiş mini kompüteri təqdim etdi
Baykar və Türkiyənin T3 Vəqfi tərəfindən hazırlanmış süni intellekt dəstəkli T3 Gemstone O1 mini kompüteri təqdim edilib. Ovuc içi ölçüsündə olan qurğu pilotsuz uçuş, quru və dəniz vasitələri, həmçinin müxtəlif avtonom sistemlərdə idarəetmə və məlumat emalı üçün nəzərdə tutulub. T3 Gemstone O1 saniyədə 4 trilyon əməliyyat gücünə malik 4 TOPS-luq süni intellekt sürətləndiricisi ilə təchiz edilib. Qurğu kameralar və sensorlardan daxil olan məlumatların emalı, görüntülərin təhlili, siqnal emalı və avtonom sistemlərin idarə olunması kimi funksiyaları yerinə yetirə bilir.
Kəşfiyyatdan silaha - Mossadın keçmiş rəhbəri niyə ABŞ müdafiə şirkətinə keçdi?
İsrail kəşfiyyat qurumu Mossadın keçmiş rəhbəri David Barnea ABŞ-ın müdafiə texnologiyaları şirkəti “Ondas Defense”in qlobal rəhbəri və direktorlar şurasının sədri təyin olunub. Barneanın yeni vəzifəyə gətirilməsi müdafiə sənayesində kəşfiyyat və hərbi təcrübəyə əsaslanan yeni tendensiyanın göstəricisi kimi qiymətləndirilir. Şirkət keçmiş Mossad rəhbərinin beynəlxalq əlaqələrindən, təhlükəsizlik sahəsindəki təcrübəsindən və dövlət strukturları ilə qurduğu əlaqələrdən qlobal genişlənmə strategiyasında istifadə etməyi planlaşdırır.
Ukrayna ordusunu ABŞ ordusundan üstün edən nədir?
Ukraynada müharibə meydanında istifadə edilən “Aerorozvidka” təşəbbüsünün yaratdığı “Delta” rəqəmsal döyüş idarəetmə sistemi ABŞ ordusunun diqqətini çəkib. ABŞ Quru Qoşunlarının rəhbərliyi bu sistemin bəzi imkanlarının hazırda Amerika ordusunda mövcud olan imkanları üstələdiyini etiraf edib. Söhbət 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsindən sonra bir qrup ukraynalı mühəndis və proqramçının yaratdığı layihədən gedir. Həmin dövrdə mülki sahədə çalışan texnologiya mütəxəssisləri kommersiya məqsədli kiçik pilotsuz uçuş aparatlarını döyüş şəraitinə uyğunlaşdırmağa başlayıblar.
ABŞ raket istehsalı obyektlərimizi müəyyən edə bilmir - İran ordusu
İran Silahlı Qüvvələri ölkənin raket və hücum pilotsuz uçuş aparatları istehsalını davam etdirdiyini açıqlayıb. Əbülfəzl Şikarçı istehsalın müharibənin bütün mərhələlərində dayandırılmadığını bildirib. Onun sözlərinə görə, yeni raketlər birbaşa əməliyyatlarda istifadə olunur və eyni zamanda ehtiyatlar yenilənir. İran rəsmisi ABŞ-nin raket istehsalı obyektlərini müəyyən edə bilmədiyini iddia edib. Məlumata görə, Tehran ABŞ hücumlarına gözlənildiyindən daha çox müqavimət göstərib. ABŞ kəşfiyyatının may ayındakı qiymətləndirməsində İranın əvvəlki raket ehtiyatlarının 70 faizini saxladığı bildirilmişdi. İran pilotsuz uçuş aparatlarının ucuz istehsalı isə onların zərərsizləşdirilməsini ABŞ üçün bahalı edir.
Almaniya XIN:Hər iki Körfəz ölkəsinə səfərlər risklidir
Almaniya Xarici İşlər Nazirliyi Bəhreyn və Küveytə səfərlərə qarşı xəbərdarlıq edib. Nazirlik hazırkı regional gərginliyi “çox qeyri-sabit” qiymətləndirir və hər iki ölkəyə səfərdən çəkilməyi tövsiyə edir. İranın raket və pilotsuz uçuş aparatları ilə hədəfləmə riski, hava nəqliyyatına məhdudiyyətlər və silahlı qarşıdurmaların yenidən alovlanma ehtimalı Almaniyanın səyahət məsləhətinin əsas səbəbləri kimi göstərilib.