Kanadada meşə yanğını nəzarətdən çıxıb, minlərlə sakin təxliyə edilir
Kanadanın Britaniya Kolumbiyası əyalətinin Sammerlend dairəsində meşə yanğını səbəbindən fövqəladə vəziyyət elan edilib. Sürətlə yayılan yanğın minlərlə sakinin təxliyə olunmasına səbəb olub. Bald Reync meşə yanğınının əhatə etdiyi ərazi təxminən 5 min hektara çatıb. Yanğının Sammerlenddən təxminən 15 kilometr qərbdə başladığı bildirilir. Bölgədə elektrik enerjisinin verilişində fasilə yaranıb. Yerli hakimiyyət sakinlərə içməli suyu istifadə etməzdən əvvəl qaynatmaq barədə xəbərdarlıq edib. Kanada bu il Ontario və Kvebek də daxil olmaqla müxtəlif bölgələrdə genişmiqyaslı meşə yanğınları ilə üzləşib. Ölkəyə yanğınlarla mübarizədə Meksika, Avstraliya, Fransa və Yeni Zelandiya yardım göstərib.
Kanadada meşə yanğınlarının genişlənməsinə nə səbəb olub?
Kanadanın qərbində yeni meşə yanğınları başlayıb, Ontario əyalətində isə alovun yayılması davam edir. Son bir həftədə təxminən 34 min ildırım çaxması Britaniya Kolumbiyasında çoxsaylı yanğınlara səbəb olub. Əyalətdə 25 təxliyə əmri qüvvədədir və 90 fəal yanğın qeydə alınıb. Rəsmilər isti və quraq havanın yanğınların genişlənməsinə gətirib çıxara biləcəyini bildiriblər. Ontario əyalətinin şimal-qərbində 139 fəal yanğın var və onların 32-si nəzarət altında deyil. Yanğınların tüstüsü ötən həftə ABŞ-nin bir sıra iri şəhərlərinə qədər çatıb. Banff və ətraf bölgələrdə havanın keyfiyyəti ilə bağlı xəbərdarlıq edilib. Həftə sonu bəzi ərazilərdə vəziyyətin yaxşılaşacağı gözlənilir.