İsrailin hücumlarına baxmayaraq, Suriya diplomatik həll yolunda israrlıdır
Suriya İsrailin davam edən hücumlarına baxmayaraq, diplomatik həll yolundan imtina etmədiyini açıqlayıb. Xarici işlər naziri Əsəd əş-Şeybani İsraillə danışıqların ABŞ-nin vasitəçiliyi ilə aparıldığını bildirib. Onun sözlərinə görə, iyul ayında Suriya ərazisinə 65 müdaxilə qeydə alınıb. Avqustun ilk 18 günündə isə daha 52 belə halın baş verdiyi bildirilir. Dəməşq Qüneytrə vilayətində və paytaxt ətrafında yaşayış evlərinə basqınları tənqid edib. Suriya tərəfinin məlumatına görə, ilin əvvəlindən İsrail hərbçiləri tərəfindən suriyalıların aparılması ilə bağlı 147 hal qeydə alınıb. Onlardan 49 nəfərin hələ də saxlanıldığı bildirilir. Dəməşq bütün bunlara baxmayaraq, qarşıdurmanın danışıqlar yolu ilə həllinə çalışdığını vurğulayır.
İsraillə təhlükəsizlik sazişi üzərində işləyirik, Livana hərbi müdaxilə planımız yoxdur - Əhməd əş-Şəraa
Suriya Prezidenti Əhməd əş-Şəra bildirib ki, Dəməşq bir sıra ölkələrin iştirakı ilə İsraillə təhlükəsizlik sazişinin əldə olunması istiqamətində çalışır. Onun sözlərinə görə, bu razılaşma Suriyanın işğal altında olan Colan təpələrinə dair hüquqlarına xələl gətirmədən daha geniş sülh prosesinə zəmin yarada bilər.