Nvidia ABŞ-də siyasi fəaliyyət komitəsi yaradır
Nvidia ABŞ-də əməkdaşlarının maliyyələşdirəcəyi siyasi fəaliyyət komitəsi yaratmağa hazırlaşır. Yeni qurumun “NVPAC” adlandırılması nəzərdə tutulur. Komitənin əsas məqsədi şirkətin dövlət siyasəti ilə bağlı maraqlarına uyğun mövqe tutan siyasi namizədlərə maliyyə dəstəyi göstərmək olacaq. ABŞ-də iri şirkətlərin belə komitələr yaratması geniş yayılmış təcrübədir. Nvidia bu addımla ölkədə siyasi qərarlara təsir imkanlarını genişləndirməyə çalışır. Şirkətin süni intellekt və yarımkeçiricilər sahəsində artan əhəmiyyəti onun dövlət siyasəti ilə bağlı məsələlərdə maraqlarını da artırır. Meta və Alfabetə məxsus Qugl kimi digər böyük texnologiya şirkətlərinin də oxşar siyasi fəaliyyət qurumları mövcuddur. Nvidia-nın yeni komitəsinin hansı namizədləri dəstəkləyəcəyi barədə hələlik məlumat açıqlanmayıb.
SpaceX və Tesla Texasda 16,8 milyard dollarlıq süni intellekt çip zavodu quracaq
SpaceX və Tesla Texasda Terafab adlı süni intellekt çiplərinin istehsalı kompleksini qurmaq üçün ilkin olaraq 16,8 milyard dollar investisiya yatıracaq. Layihənin məqsədi hər iki şirkətin gələcəkdə artacaq hesablama gücü tələbatını qarşılamaq və qlobal çip çatışmazlığını azaltmaqdır. İlon Maskın sözlərinə görə, Terafab çip istehsalının bütün mərhələlərini əhatə edəcək. Layihənin ilkin bazası kimi Tesla artıq Giga Texas zavodunda tədqiqat istehsal müəssisəsinin tikintisinə başlayıb.
İtaliya və ABŞ süni intellekt üzrə Pax Silica əməkdaşlıq sazişini imzalayacaq
İtaliya və ABŞ Pax Silica təşəbbüsü çərçivəsində əməkdaşlıq sazişi imzalayacaq. Saziş süni intellekt təchizat zəncirlərinin təhlükəsizliyini gücləndirməyə yönəlib. Layihə yarımkeçiricilər, kritik minerallar və qabaqcıl istehsal sahələrini əhatə edir. İtaliyanın təşəbbüsə qoşulması əvvəllər təxirə salınmışdı. Buna Meloni ilə Tramp arasında yaranmış fikir ayrılığı səbəb olmuşdu. Roma sazişin strateji asılılığı azaltmağa xidmət edəcəyini bildirir.
Qualcomm BMW ilə strateji çip müqaviləsi bağlayıb
Qualcomm BMW ilə yeni çip tədarükü müqaviləsi imzalayıb. Razılaşma gələcək avtomobil platformalarını əhatə edir. Qualcomm yeni nəsil çiplər və əlaqəli texnologiyalar təqdim edəcək. Tərəflər müqavilənin maliyyə şərtlərini açıqlamayıblar. Əməkdaşlıq proqram təminatı ilə idarə olunan avtomobillərin inkişafına yönəlib. Razılaşmanın BMW-nin gələcək modellərinin texnoloji imkanlarını artıracağı gözlənilir.