Hizbullah Livan hakimiyyətini İsrailə qarşı tədbir görməməkdə ittiham edir
Hizbullahın baş katibi Nəim Qasım Livan hakimiyyətini İsrailin işğalı ilə mübarizə aparmaq əvəzinə “müqaviməti” hədəfə almaqda ittiham edib. O, Livan hakimiyyətinin İsrailin razılaşmalara əməl etməməsinə qarşı tədbir görmədiyini bildirib. Qasım cənubdakı Mənsuri qəsəbəsinin azad edilməli olduğunu və yerli sakinlərin öz evlərinə qayıda bilmədiyini vurğulayıb. O, Livan hakimiyyətini “təslim olmaqda” ittiham edərək ölkənin suverenliyinin pozulmasını qəbul etməyəcəklərini deyib. Livan və İsrail arasında ABŞ-ın vasitəçiliyi ilə əldə olunan atəşkəsə baxmayaraq, İsrail qüvvələrinin Livanın cənubunda mövcudluğunu davam etdirdiyi bildirilir. İsrail qüvvələrinin bölgədə yaşayış evlərinə və obyektlərə zərbələr endirdiyi qeyd olunur. İsrailin müdafiə naziri İsrael Kats Hizbullah silahsızlaşdırılmayana qədər Livanın cənubundan geri çəkilməyəcəklərini açıqlayıb. Bu vəziyyət Livanın cənubunda atəşkəs razılaşmasının gələcəyi ilə bağlı yeni suallar yaradıb.
Ağ Ev Livan Prezidenti Cozef Aunu ABŞ-a dəvət edib
Ağ Ev Livan Prezidenti Jozef Aunu iyulun 21-də ABŞ-a rəsmi səfərə dəvət edib. Bu barədə Ağ Evin rəsmisi məlumat verib. Bildirilib ki, dəvət ötən ay Vaşinqtonda ABŞ-ın vasitəçiliyi ilə keçirilən danışıqlardan sonra İsrail və Livan arasında imzalanmış çərçivə sazişinin ardınca göndərilib. Həmin danışıqlar İsrail ilə İranın dəstəklədiyi "Hizbullah" silahlı qruplaşması arasında döyüşlərin dayandırılmasına yönəlmişdi.
Livan son şansını itirir?
Yaxın Şərqdə son günlər baş verən diplomatik proseslər Livanı regional siyasi gündəmin mərkəzinə çevirib. Vaşinqton və Tehran arasında əldə olunan çərçivə razılaşması fonunda Livan həm yeni imkanlarla, həm də ciddi risklərlə üz-üzə qalıb. Müşahidəçilər hesab edirlər ki, qarşıdakı həftələrdə veriləcək qərarlar ölkənin gələcək təhlükəsizlik və siyasi kursunu müəyyən edə bilər.
Abbas Əraqçi Livanla bağlı müddəanı Berri ilə müzakirə edib: Razılaşma ilk gündən icra olunmalıdır
Abbas Əraqçi Livan parlamentinin sədri Nəbih Berri ilə memorandumun Livanla bağlı müddəalarını müzakirə edib. İranlı nazir Livana qarşı hərbi əməliyyatların dayandırılması barədə öhdəliyin dərhal qüvvəyə minməli olduğunu bildirib. O qeyd edib ki, bu müddəa 60 günlük danışıqlar dövrü ərzində də tam şəkildə icra edilməlidir. Əraqçi razılaşmaya əməl olunmasına nəzarətin ABŞ və təminatçı tərəflərin məsuliyyətində olduğunu vurğulayıb. Livanın təhlükəsizliyi və suverenliyi əsas prinsiplərdən biri kimi təqdim olunub. Tərəflər bölgədəki son vəziyyəti də müzakirə ediblər. Tehran memorandumun tam icrasının vacibliyini önə çəkib. Livanla bağlı müddəalar razılaşmanın əsas elementlərindən biri hesab olunur.
Livan Prezidenti ABŞ-a mesaj verdi: Atəşkəs olmadan irəliləyiş mümkün deyil
Livan Prezidenti Cozef Aun ABŞ Dövlət katibi Marko Rubio ilə telefon danışığında İsraillə atəşkəsin əldə olunmasının bütün gələcək diplomatik proseslər üçün əsas şərt olduğunu bildirib. Aun regionda sabitliyin bərpası və siyasi dialoqun inkişafı üçün ilk növbədə hərbi əməliyyatların dayandırılmasının vacibliyini vurğulayıb. Marko Rubio isə ABŞ-ın İsrail və Livan arasında əvvəlki diplomatik səylərin nəticələrini qorumağa sadiq olduğunu, həmçinin Livanın sabitliyi, müstəqilliyi və suverenliyini dəstəklədiyini bəyan edib. Telefon danışığı regionda davam edən gərginlik fonunda diplomatik səylərin davam etdiyini göstərir.