7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

Tramp onu hər gün oxuyur... Dünyanın ən məxfi qəzetində nələr var?

ABŞ prezidentlərinin hər gün əldə etdiyi ən məxfi sənədlərdən biri hesab olunan Prezidentin Gündəlik Kəşfiyyat Brifinqi (President’s Daily Brief – PDB) onilliklərdir Vaşinqtonun strateji qərarvermə mexanizminin əsas elementlərindən biri kimi çıxış edir. Britaniyalı kəşfiyyat tarixçisi Kristofer Endryunun ifadəsi ilə desək, bu sənəd “dünyanın tirajı ən az olan, ən məxfi və ən çox məlumatlı gündəlik nəşri” hesab edilə bilər.

25 İyul 2026 09:00
Tramp onu hər gün oxuyur... Dünyanın ən məxfi qəzetində nələr var?

BAKI,VOA Analitik Təhlil Mərkəzi

ABŞ prezidentlərinin hər gün əldə etdiyi ən məxfi sənədlərdən biri hesab olunan Prezidentin Gündəlik Kəşfiyyat Brifinqi (President’s Daily Brief – PDB) onilliklərdir Vaşinqtonun strateji qərarvermə mexanizminin əsas elementlərindən biri kimi çıxış edir.

Britaniyalı kəşfiyyat tarixçisi Kristofer Endryunun ifadəsi ilə desək, bu sənəd “dünyanın tirajı ən az olan, ən məxfi və ən çox məlumatlı gündəlik nəşri” hesab edilə bilər.

ABŞ kəşfiyyat modeli uzun illər ərzində məlumatların tam gizlədilməsi deyil, milli təhlükəsizliyə real zərər vura biləcək məlumatların qorunması və digər biliklərin müəyyən səviyyədə paylaşılması prinsipi üzərində qurulub.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) tarix, əməliyyat fəaliyyəti və kəşfiyyat metodları ilə bağlı çoxsaylı araşdırmalar və sənədlər yayımlayaraq təcrübənin gələcək nəsillərə ötürülməsinə çalışıb. Bu yanaşmanın məqsədi kəşfiyyat fəaliyyətinin analitik və idarəetmə imkanlarını inkişaf etdirməkdir.

Prezident brifinqinin yaranması

Prezident üçün xüsusi kəşfiyyat məlumatlarının hazırlanması ideyası II Dünya müharibəsindən sonra formalaşıb.

1945-ci ildə Franklin Ruzveltin ölümündən sonra ABŞ prezidenti olan Harri Trumen vəzifəyə gəldikdən qısa müddət sonra “Manhetten layihəsi” – atom bombasının hazırlanması proqramı barədə məlumatlandırılıb. Trumenin vitse-prezident olduğu dövrdə bu layihədən xəbərsiz qalması ona göstərib ki, gələcək prezidentlər beynəlxalq təhlükəsizlik məsələləri barədə vəzifəyə başlamazdan əvvəl məlumatlandırılmalıdır.

1947-ci ildə ABŞ-da Milli Təhlükəsizlik Qanunu əsasında Mərkəzi Kəşfiyyat İdarəsi yaradılıb. Soyuq müharibənin başlaması ilə prezidentlərin kəşfiyyat məlumatlarına ehtiyacı daha da artıb.

1951-ci ildə CIA “Cari Kəşfiyyat Bülleteni” adlı gündəlik nəşr hazırlamağa başlayıb. Daha sonra həftəlik kəşfiyyat icmalları da təqdim olunub.

1952-ci il prezident seçkiləri zamanı Trumen prezidentliyə namizədlər Duayt Eyzenhauer və Adlai Stivensona xüsusi kəşfiyyat brifinqlərinin verilməsinə qərar verib. Bununla da ABŞ-da prezident namizədləri və seçilmiş prezidentlər üçün kəşfiyyat məlumatlarının təqdim edilməsi ənənəsi yaranıb.

Prezidentlərə uyğun dəyişən sistem

Kəşfiyyat brifinqlərinin forması hər prezidentin məlumat qəbul etmə tərzinə uyğun dəyişib.

Duayt Eyzenhauer yazılı hesabatları diqqətlə oxuyur, daha sonra kəşfiyyat əməkdaşları ilə müzakirələr aparırdı. Onun diqqət mərkəzində İran, Koreya müharibəsi, Fransa-Əlcəzair münasibətləri və beynəlxalq kommunizm məsələləri olub.

Con Kennedi dövründə isə gündəlik məlumatlandırma sistemi daha operativ formaya keçirilib. 1961-ci ildə “Prezident üçün Kəşfiyyat İcmalı” adlı gündəlik sənəd hazırlanmağa başlanıb. Bu sənəd qısa analizlər, xəritələr və əsas beynəlxalq hadisələrin xülasəsini ehtiva edib.

1962-ci il Kuba raket böhranı zamanı kəşfiyyat məlumatları ABŞ rəhbərliyinin qərarlarında mühüm rol oynayıb.

Lindon Conson administrasiyası dövründə gündəlik kəşfiyyat sənədləri birləşdirilərək “Prezidentin Gündəlik Brifinqi” formalaşdırılıb. Bu sənəd sonrakı bütün prezidentlərə təqdim olunub.

Nikson, Reyqan və Buş dövründə fərqli yanaşmalar

Riçard Niksonun dövründə prezidentin milli təhlükəsizlik müşaviri Henri Kissincer kəşfiyyat məlumatlarının təqdim edilməsinə ciddi nəzarət edib. O, hesabatların daha sistemli, analitik və prezidentin qərarvermə ehtiyaclarına uyğun hazırlanmasını tələb edib.

Cerald Ford isə prezidentlik gündəliyinə kəşfiyyat brifinqini səhər ilk fəaliyyət kimi daxil edib.

Ronald Reyqan uzun hesabatlardan daha çox qısa xülasələrə və şifahi təqdimatlara üstünlük verib.

Corc Buş isə CIA rəhbəri və vitse-prezident kimi təcrübəsinə görə kəşfiyyat sistemini yaxşı tanıyırdı. O, məlumatlandırmalarda daha çox analitik müzakirələrə üstünlük verib.

Obama dövründə rəqəmsal dəyişiklik

Barak Obama administrasiyası zamanı prezident brifinqinə daha geniş analitik yanaşma gətirilib. Obama detallı hesabatları oxumağı və hadisələrin arxa planını öyrənməyi sevən prezident kimi tanınıb.

Onun dövründə kəşfiyyat sənədləri planşetlər vasitəsilə təqdim olunub, xəritələr, qrafiklər, videolar və digər vizual materiallardan istifadə olunub.

Obama administrasiyasının sonunda prezident brifinqi üç fərqli versiyada hazırlanırdı. Ən məxfi versiya prezident və məhdud sayda yüksək vəzifəli şəxslər üçün nəzərdə tutulurdu.

Trampın kəşfiyyat brifinqlərinə yanaşması

Donald Tramp ABŞ prezidentləri arasında kəşfiyyat məlumatlarının təqdim edilməsində fərqli yanaşması ilə seçilib.

Məlumata görə, Tramp uzun yazılı hesabatlardan daha çox qısa şifahi təqdimatlara üstünlük verirdi. Buna görə də onun üçün hazırlanan brifinqlərdə əsas məqamlar, xəritələr, qrafiklər və peyk görüntüləri kimi vizual materiallardan daha çox istifadə olunurdu.

Kəşfiyyat əməkdaşları bildiriblər ki, Tramp məlumatları qısa və konkret formada almağa üstünlük verirdi.

Prezident və kəşfiyyat arasında əlaqə

ABŞ-da prezident brifinqləri yalnız məlumat ötürmək vasitəsi deyil, həm də prezidentlə kəşfiyyat icması arasında qarşılıqlı əlaqə mexanizmi hesab olunur.

Bu proses kəşfiyyat orqanlarına prezidentin prioritetlərini, qərarvermə üslubunu və məlumatlara yanaşmasını anlamağa imkan verir.

Ekspertlərin fikrincə, ABŞ təcrübəsi göstərir ki, kəşfiyyat məlumatlarının dəyəri yalnız informasiyanın əldə edilməsində deyil, onun düzgün formada, doğru zamanda və qərarvericinin ehtiyaclarına uyğun təqdim edilməsindədir.

Məqalədə: #Tramp gündəlik kəşfiyyat brifinqi #ABŞ prezidentinin gizli hesabatı #CIA Prezident Gündəlik Brifinqi #ABŞ kəşfiyyat sistemi #Ağ Ev təhlükəsizlik məlumatları #prezident və kəşfiyyat əlaqələri #ABŞ xarici siyasət qərarları #Mərkəzi Kəşfiyyat İdarəsi CIA #gizli dövlət sənədləri #ABŞ milli təhlükəsizlik sistemi

Mövzu üzrə digər xəbərlər

Fransız mətbəxi necə siyasi silaha çevrildi?
ArabAZ analitika: Geosiyasi təhlillər

Fransız mətbəxi necə siyasi silaha çevrildi?

09:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ArabAZ analitika: Geosiyasi təhlillər

ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır

6 Sentyabr 20:56
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
ArabAZ analitika: Geosiyasi təhlillər

Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?

6 Sentyabr 15:00
İslam alimlərinin riyaziyyat, astronomiya və coğrafiya sahəsində töhfələri
İslam və Tarix

İslam alimlərinin riyaziyyat, astronomiya və coğrafiya sahəsində töhfələri

6 Sentyabr 12:00

Son Xəbərlər

Fransız mətbəxi necə siyasi silaha çevrildi?
Fransız mətbəxi necə siyasi silaha çevrildi?
09:00
Simone İnzaqinin qələbə seriyası davam edəcəkmi?  - "Kingdom Arena"da böyük matç
Simone İnzaqinin qələbə seriyası davam edəcəkmi? - "Kingdom Arena"da böyük matç
08:07
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
07:20
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
06:00
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.