Bakı. AzerPress:
Türkiyənin İsraillə xarici ticarəti 2023-cü ildə bir əvvəlki ilə nisbətən 45% azalıb.
AzerPress-in məlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyi bildirib.
Nazirlik bəzi mətbuat orqanlarında İsraillə ixracatın artdığına dair iddiaların həqiqəti əks etdirmədiyini qeyd edib.
“7 Oktyabr-31 Dekabr dövrünə baxsaq, Türkiyənin İsraillə xarici ticarəti 2023-cü ildə bir əvvəlki ilə nisbətən yüzdə 45 azalıb. Qeyd olunan göstəricilər İsrail və İsrailin işğalı altında olan İordan çayının qərb sahili, Şərqi Qüds və Qəzzada vətəndaşı olan 2,2 milyon fələstinliyə gedən ticarətdir.” – deyə açıqlamada bildirilib.
Qeyd olunub ki, Fələstin bölgəsinə gedən bütün mallar İsrail adı altında İsrail gömrük və limanlarından keçməlidir.
Açıqlamada verilən məlumata görə, 2022-ci il oktyabrın 7-dən dekabrın 31-dək olan dövrdə Türkiyənin İsraillə ümumi ticarəti 2 milyard 320 milyon dollar, 2023-cü ilin eyni dövründə 45 % azalaraq 1 milyard 280 milyon dollar olaraq qeydə alınıb.
2022-ci ilin təxminən 3 aylıq dövründə Türkiyənin İsrailə ixracı 1 milyard 606 milyon dollar, bu ölkədən idxalı isə 714 milyon dollar olub.
Ötən ilin eyni dövründə ixracat 39 % azalaraq 980 milyon dollar, idxal 58 % azalaraq 300 milyon dollar olub.
Hafiz Rufizoğlu
Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun
