Bakı. AzerVoice:
1967-ci il sərhədləri daxilində paytaxtı Qüds olan, müstəqil, suveren Fələstin dövləti qurulana qədər mübarizəmizi davam etdirəcəyik.
AzerVoice xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Gənclər Forumunun 5-ci Baş Assambleyasına video müraciətində deyib.
"Bu günə qədər Qəzzaya humanitar yardım ləvazimatlarının çatdırılmasından tutmuş xərçəng xəstələrinin ölkəmizə gətirilməsinə və onların müalicəsinin təmin edilməsinə qədər bir çox addımlar atmışıq. İsrailin törətdiyi cinayətlərin və müharibənin beynəlxalq aləmdə diqqətdən kənarda qalmaması üçün çox çalışırıq. Bundan əlavə, diplomatik səylərimizi davam etdiririk ki, İslam ölkələri Qəzzada İsrail zülmünə qarşı birgə hərəkət edə bilsinlər", - deyə o vurğulayıb.
Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.
Oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 27 min 840 nəfərə çatıb.