Kubada dəhşətli böhran: Nə işıq var, nə su, nə də dərman
ABŞ-ın tətbiq etdiyi iqtisadi blokada və Kuba dövləti ilə əməkdaşlıq edən şirkətləri hədəf alan genişləndirilmiş sanksiyalar adadakı iqtisadi və enerji böhranını son həddə çatdırıb. Bu barədə rəsmi bəyanat yayan Kuba hökuməti, ABŞ-ın ölkəyə yönəlmiş neft blokadasının Birləşmiş Millətlər Təşkilatının (BMT) humanitar yardım paylanması fəaliyyətini tamamilə iflic etdiyini bildirib.
Kubaya humanitar yardım aparan iki gəmi yoxa çıxıb
Meksika Hərbi Dəniz Qüvvələrinin yaydığı məlumata görə, Isla Mujeres adasından yola çıxan və martın 24-25-də Kubaya çatması gözlənilən teknələrlə əlaqə kəsilib. Hadisə ilə bağlı Karib dənizi bölgəsində genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı başladılıb. Meksika tərəfi dənizdə insan həyatının qorunması ilə bağlı bütün müvafiq protokolların işə salındığını qeyd edib.
Kuba ABŞ-ı “kollektiv cəza” siyasətində ittiham edir
Kuba hökuməti ABŞ-ın siyasətinə sərt reaksiya verərək Vaşinqtonu ada xalqına qarşı “kollektiv cəza siyasəti” həyata keçirməkdə ittiham edib. Rəsmi Havana qeyd edib ki, ABŞ iqtisadi çətinlikləri bəhanə edərək ölkənin resurslarına və iqtisadi imkanlarına nəzarət etmək niyyətindədir.
ABŞ embarqosu fonunda Kubaya dəstək veriləcək - Kreml
Kreml Kubaya yardım göstərməyə hazır olduğunu açıqlayıb. Onun sözlərinə görə, Rusiya Kubaya “mümkün olan bütün yardımı göstərməyə hazırdır” və bu istiqamətdə məsələlər kubalı tərəfdaşlarla müzakirə olunur. Peskov qeyd edib ki, Kuba hazırda ciddi humanitar problemlərlə üzləşir və Moskva ilə Havana arasında bu məsələ ilə bağlı işçi və ekspert səviyyəsində təmaslar davam edir.
Rusiya ABŞ-ın sanksiyalarını qəbul etməyəcək - Putin
Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın Kubaya qarşı tətbiq etdiyi sanksiyalara qarşı olduğunu və Moskvanın bu addımları qəbul etməyəcəyini bəyan edib. Vladimir Putin Moskvada Bruno Rodriguez ilə görüşündə ABŞ-ın yeni məhdudiyyətlərini şərh edərək bildirib ki, Rusiya Kubanın müstəqillik və öz inkişaf yolunu seçmək hüququnu daim dəstəkləyib.
Tramp Kuba ilə danışıqların başlandığını açıqlayıb
ABŞ Prezidenti Donald Tramp Kuba ilə danışıqların aparıldığını bəyan edib. Ağ Evin rəhbəri Kubanı Vaşinqtonla razılaşma əldə etməyə çağırıb və ölkədə iqtisadi vəziyyətin pisləşməsi fonunda humanitar fəlakət riski olduğunu vurğulayıb. Onun sözlərinə görə, embarqo qüvvədə qalır, ölkədə neft və maliyyə çatışmazlığı mövcuddur.
ABŞ təzyiqləri gücləndikcə kubalılar ağır həyat şəraiti ilə üz-üzə qalır
ABŞ-ın Kubaya qarşı iqtisadi təzyiqləri artdıqca ölkə əhalisi gündəlik həyatda ciddi çətinliklərlə mübarizə aparmağa məcbur qalır. Xüsusilə yanacaq qıtlığı vəziyyəti daha da ağırlaşdırıb. Əvvəlcə Venesuela, sonra isə Meksika Kubaya neft tədarükünü dayandırıb. ABŞ prezidenti Donald Tramp isə Kubanı neftlə təmin edən ölkələrə qarşı rüsum tətbiq ediləcəyini açıqlayıb.