Danışıqlara raket proqramı və uranın zənginləşdirilməsi daxil deyil - İran
İran hakimiyyəti ABŞ-la planlaşdırılan danışıqlar ərəfəsində bəyan edib ki, raket proqramı və aşağı səviyyəli uran zənginləşdirmə fəaliyyəti ölkənin dəyişməz “qırmızı xətləri” olaraq qalır və bu mövzular üzrə heç bir müzakirə aparılmayacaq. İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rızai İran mediasına açıqlamasında ABŞ-la fevralın 6-da Omanın paytaxtı Maskatda keçirilməsi nəzərdə tutulan danışıqlarla bağlı mövqeyi açıqlayıb. O bildirib ki, İranın raket proqramı və uranın aşağı səviyyədə zənginləşdirilməsi məsələləri müzakirəyə açıq deyil və bu sahələr ölkənin strateji təhlükəsizlik çərçivəsinə daxildir.