Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Azərbaycanın mədəniyyət naziri Adil Kərimli bp-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə üzrə bölgə prezidenti Cio Kristofoli ilə görüşüb. Tərəflər Azərbaycan ilə bp arasında mədəniyyət sahəsində mövcud əməkdaşlığı müzakirə ediblər. Şirkətin muzeylərə, sərgilərə və yaradıcı təşəbbüslərə göstərdiyi dəstək yüksək qiymətləndirilib. Görkəmli mədəniyyət xadimlərinin irsinə dair nəşrlərə verilən töhfə də xüsusi qeyd olunub. Cio Kristofoli Azərbaycanda mədəni layihələrə dəstəyin davam etdiriləcəyini bildirib. Görüşdə tarixi filmlərin çəkilişi sahəsində əməkdaşlıq imkanları da nəzərdən keçirilib. Adil Kərimli Cio Kristofolini Mədəniyyət Nazirliyinin Yaradıcı Mərkəzi ilə tanış olmağa dəvət edib. O, həmçinin bp nümayəndəsini Bakıda keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.
bp və Azərbaycan Deflimpiya Komitəsi Yerli Tərəfdaşlıq haqqında Saziş imzaladı
Bu gün bp və Azərbaycan Deflimpiya Komitəsi (ADK) arasında Yerli Tərəfdaşlıq haqqında Saziş imzalandı. Sazişə əsasən, bp şirkəti 31 dekabr 2027-ci ilə qədər ADK-nin Azərbaycandakı rəsmi tərəfdaşı kimi fəaliyyət göstərəcək. Sazişi Azərbaycan Respublikası Deflimpiya Komitəsinin İdarə heyətinin sədri Anar Bayramov və bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli imzaladılar.