İsrail ordusu Cənubi Livanda "Hizbullah" üzvlərinin öldürüldüyünü iddia edib
İsrail ordusu Cənubi Livanda "Hizbullah"ın bir neçə üzvünü öldürdüyünü iddia edib. Əməliyyat Nəbatiyyə yaxınlığındakı Əli Tahir silsiləsində keçirilib. İsrailin məlumatına görə, əməliyyat zamanı bir zabit orta ağır yaralanıb və xəstəxanaya çatdırılıb. Hadisə UNESCO-nun Dünya İrs Siyahısında yer alan Bofor qalası yaxınlığında baş verib. "Hizbullah" hələlik bu iddiaya münasibət açıqlamayıb. Məlumat müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
Livan Prezidenti İsrailin hücumlarını razılaşma üçün birbaşa təhdid adlandırıb
Livan Prezidenti Cozef Aun İsrailin ölkənin cənubuna endirdiyi zərbələri sərt şəkildə pisləyib. O, Bofor qalası yaxınlığındakı partlayışları mövcud razılaşmaların pozulması kimi qiymətləndirib. Prezident hücumların Romada keçiriləcək mühüm görüş ərəfəsində baş verməsinin mənfi mesaj verdiyini bildirib. Cozef Aun beynəlxalq ictimaiyyəti məsuliyyət daşımağa və pozuntuların qarşısını almağa çağırıb. Onun fikrincə, bu hadisələr diplomatik səyləri zəiflədir və Livanın cənubunda sabitliyi təhdid edir. Prezident hücumların dayandırılmasının vacibliyini vurğulayıb. İsrail tərəfi hələlik bu açıqlamaya münasibət bildirməyib.
İsrail ordusu Livanın cənubundakı Kfar Təbnit qəsəbəsində güclü partlayış törədib
İsrail ordusu Livanın cənubundakı Kfar Təbnit qəsəbəsində güclü partlayış həyata keçirib. Bu barədə Livanın Milli Xəbər Agentliyi məlumat yayıb. Bundan əvvəl Bofor qalası yaxınlığında da bir neçə partlayış qeydə alınıb. Bölgədə təhlükəsizlik vəziyyətinin gərgin olaraq qaldığı bildirilir. İsrail atəşkəs razılaşmasına baxmayaraq Livanın cənubundakı hərbi mövcudluğunu davam etdirir. İsrail tərəfi hadisə ilə bağlı hələlik açıqlama verməyib. Məlumat müstəqil mənbələr tərəfindən tam təsdiqlənməyib.
Livan UNESCO-ya müraciət edib
Livanın Mədəniyyət Nazirliyi ölkənin tarixi və mədəni irs obyektlərinə qarşı həyata keçirilən hücumlarla bağlı narahatlığını ifadə edib. Nazirlik xüsusilə Sur şəhərinin dünya mədəni irsinin mühüm hissəsi olduğunu vurğulayaraq bu ərazilərin qorunmasının beynəlxalq məsuliyyət daşıdığını bildirib. Açıqlamada Livanın cənubunda yerləşən və minilliklərə söykənən tarixə malik Sur şəhərinin, eləcə də digər tarixi abidələrin təhlükə altında olduğu qeyd edilib. Nazirlik bəzi hücumlar nəticəsində tarixi obyektlərin zərər gördüyünü bildirərək beynəlxalq təşkilatları vəziyyətə müdaxilə etməyə çağırıb. UNESCO-nun Dünya İrs Siyahısına daxil edilən Sur şəhərinin qorunmasının vacibliyi xüsusi vurğulanıb. Rəsmi Beyrut hesab edir ki, mədəni irsə qarşı yönələn hər hansı təhlükə ümumbəşəri dəyərlərə qarşı təhlükə kimi qiymətləndirilməlidir.
Hizbullah İsrail tankını Bofor qalası yaxınlığında məhv etdiyini açıqlayıb
Hizbullah Bofor qalası ətrafında İsrailin Merkava tankını raketlə məhv etdiyini açıqlayıb. Qala, cənub Livan şəhəri Nabatiyə yaxınlığında yerləşir və İsrail qüvvələri tərəfindən üç gün əvvəl ələ keçirilib. Qala ətrafında bir neçə İsrail əsgəri döyüşlərdə həlak olub. Həmçinin qəsəbənin kənarında yeni yaradılmış İsrail logistik dəstək mərkəzi hədəfə alınıb.
İsrail Livandakı tarixi Bofor qalası yaxınlığında hava zərbələri endirib
Livanın dövlət xəbər agentliyinin məlumatına görə, İsrail hərbi aviasiyası və artilleriyası Nəbatiyə şəhəri yaxınlığında yerləşən tarixi Bofor qalası ətrafına zərbələr endirib. Səlib yürüşləri dövründə inşa edilmiş qala Livanın ən tanınmış tarixi abidələrindən biri hesab olunur və strateji mövqeyi ilə seçilir. İsrail-Livan sərhədindən təxminən 15 kilometr məsafədə yerləşən bu yüksəklik bölgənin böyük hissəsinə nəzarət imkanı verir. Son günlər Nəbatiyə ətrafında şiddətlənən döyüşlər fonunda tarixi irs obyektlərinin təhlükə altında qalması ilə bağlı narahatlıqlar da artır.