Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Kolumbiyadakı səfiri Məhəmməd Abdullah Əl-Şəmsi Kolumbiya Konqresinin prezidenti Onorio Migel Enrikes Pinedo ilə görüşüb.
ArabAZ xəbər verir ki,Boqotada keçirilən görüşdə BƏƏ ilə Kolumbiya arasında uzunmüddətli dostluq və əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 50-ci ildönümü qeyd edilir.
Tərəflər iqtisadi və ticarət əlaqələrinin inkişafını da müzakirə ediblər. Əl-Şəmsi ticarət dövriyyəsində əhəmiyyətli artım olduğunu qeyd edərək ikitərəfli ticarətin şaxələndirilməsinin, iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə bir sıra ikitərəfli iqtisadi sazişlərin ratifikasiya prosedurlarının tamamlanması məsələsi də müzakirə olunub. BƏƏ səfiri bu prosesin sürətləndirilməsinin vacibliyini bildirib. Onun sözlərinə görə, həmin sazişlər ticarət, investisiya və iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün hüquqi çərçivə yaradacaq.
Kolumbiya Konqresinin prezidenti isə sazişlərin əhəmiyyətini vurğulayaraq onların statusunu və parlamentdə müvafiq qanunvericilik prosedurlarını izləyəcəyini bildirib.
Tərəflər həmçinin BƏƏ Federal Milli Şurası ilə Kolumbiya Konqresi arasında parlamentlərarası əməkdaşlığın gücləndirilməsi imkanlarını nəzərdən keçiriblər. Bu çərçivədə iki qurum arasında anlaşma memorandumunun və BƏƏ-Kolumbiya parlamentlərarası dostluq komitələrinin fəaliyyətinin bərpa olunmasının vacibliyi qeyd edilib.
Görüşün sonunda tərəflər qarşılıqlı maraqlar naminə ikitərəfli əlaqələri, eləcə də parlament və iqtisadi əməkdaşlığı daha da inkişaf etdirmək əzmində olduqlarını bildiriblər.