Qətər Milli Bankı (QNB) bildirir ki, ABŞ dolları son illərdə müxtəlif struktur çətinliklərinə baxmayaraq, yüksək dözümlülük nümayiş etdirməkdə davam edir. Bu təzyiqlər sırasına dolların real məzənnəsinin yüksəlməsi, ABŞ-nin dövlət büdcəsində və ticarət balansında davam edən kəsir, həmçinin bir sıra mərkəzi bankların ehtiyatlarını dollardan kənar diversifikasiya etməsi daxildir.
ArabAZ xəbər verir ki, Bankın həftəlik hesabatında qeyd olunur ki, bu amillər bir çox analitiklərin dolların gələcəyi ilə bağlı suallar verməsinə səbəb olub. Lakin Amerika valyutası əsas dünya valyutaları qarşısında öz mövqeyini qoruyub saxlayıb. Bu hal uzunmüddətli mənfi təsirlərin qarşısını alan dövri amillərin gücünü göstərir.
Hesabatda bildirilir ki, struktur amilləri dolların uzunmüddətli dinamikasında mühüm rol oynayır. Qısamüddətli məzənnə hərəkətləri isə birbaşa dövri amillərdən, xüsusilə faiz dərəcələri arasındakı fərqdən asılıdır. Çünki bu fərq qlobal kapital axınını və investisiya portfellərinin bazarlar arasında paylanmasını idarə edir.
Məlumata görə, son dövrdə ABŞ iqtisadiyyatı dolların güclənməsinə kömək edən iki əlavə üstünlük qazanıb. Bunlar iqtisadi fəallığın möhkəmliyi və süni intellekt texnologiyalarının təkan verdiyi investisiya sıçrayışıdır. Hər iki amil xarici investorların ABŞ maliyyə aktivlərinə olan tələbatını artıraraq dollara əlavə dəstək olub.
- Husilərin “mühasirə” yalanı və Yəməndəki real vəziyyət
- Süni intellekt bumu və iqtisadi artım dollara tələbatı artırır-QNB
- İranın hücumlarına qarşı altı Körfəz ölkəsi hansı adımı atır?
- Səudiyyə yay festivalında hansı yerli ənənələr nümayiş olundu?
- Bab əl-Məndəb boğazında ticarət gəmiləri qorunacaq
- Livan siyasi həyatına qayıtmaq istəyən Saad Əl-Hariri kimdir
Bank vurğulayır ki, faiz dərəcələrindəki fərqlər dolların göstəricilərinə təsir edən əsas amillərdən biridir. Müxtəlif iqtisadiyyatlarda maliyyə aktivlərinin gəlirliliyi məzənnələrə birbaşa təsir edir. Bu da pul-kredit siyasətini valyuta hərəkətlərinin əsas təkanverici qüvvəsinə çevirir. ABŞ-də faiz dərəcələrinin digər inkişaf etmiş ölkələrlə müqayisədə yüksək olması dollarla olan aktivlərə tələbatı artırır.
Tarixi təcrübə də göstərir ki, ABŞ-də faiz dərəcələrinin yüksək olduğu dövrlər dolların möhkəmlənməsi ilə müşayiət olunub. Federal Ehtiyat Sisteminin pul-kredit siyasətindəki son dəyişikliklər faiz fərqlərinin rolunu daha da artırıb.
İlin əvvəlində maliyyə pazarları 2026-cı ildə ABŞ-də faiz dərəcələrinin 50 bazis bəndi endiriləcəyini gözləyirdi. Lakin inflyasiya təzyiqlərinin qalması, iqtisadi fəallığın gücü və Federal Ehtiyat Sisteminin yeni rəhbəri Kevin Uorşun başçılığı altında daha sərt pul-kredit siyasətinə keçməsi bu gözləntilərin dəyişməsinə səbəb olub.

Hazırda maliyyə pazarları əsas faiz dərəcələrinin daha uzun müddət yüksək səviyyədə qalacağını proqnozlaşdırır. İqtisadi gedişat tələb edərsə, pul-kredit siyasətinə əlavə düzəlişlərin edilməsi də istisna olunmur.
Məlumat üçün qeyd edək ki, hazırda ABŞ-də federal fondlar üzrə faiz dərəcəsi 3,50% – 3,75% aralığındadır. Bu göstərici Avropa Mərkəzi Bankında 2,25%, Yaponiya Bankında isə 1,00% təşkil edir. Bu ciddi fərq ABŞ ilə digər inkişaf etmiş ölkələr arasında böyük məsafənin qaldığını göstərir.
Bankın qənaətinə görə, faiz dərəcələrindəki bu böyük fərq önümüzdəki dövrdə də ABŞ dolları üçün en mühüm dəstək mənbələrindən biri olaraq qalacaq.

