Bakı, AzerVoice
Türkiyənin sabiq Jandarma Baş Komandanı, istefada olan general Galip Mendi 73 yaşında İzmirdə vəfat edib.
AzerVoice xəbər verir ki, bir müddət İzmirdə özəl xəstəxanada limfa xərçəngindən müalicə alan Mendi çoxlu orqan çatışmazlığından dünyasını dəyişib.
Təqaüdçü general Mendinin dəfn proqramının hələ müəyyən edilmədiyi qeyd edilib.
Galip Mendi kimdir?
1951-ci ildə Ankarada anadan olan Mendi 1970-ci ildə Hərbi Məktəbi, 1971-ci ildə Piyada Məktəbini, 1985-ci ildə Hərbi Akademiyanı bitirib.
Mendi 1998-ci ildə briqada generalı rütbəsinə yüksəlib və 1-ci Komando Briqada Komandiri, Şimali Kipr Türk Respublikasında (KKTC) Təhlükəsizlik Qüvvələri komandanı və Ege Ordusu Əməliyyat Qərargahının rəis müavini vəzifələrində çalışıb.
Galip Mendi 2003-cü ildə general-mayor rütbəsi ilə Ege Ordusunun Baş Qərargah rəisi və Nəqliyyat Məktəbi və Təlim Mərkəzinin komandiri vəzifələrini icra edib.
Mendi 2007-ci ildən sonra general-leytenant rütbəsində Baş Qərargahın Hərbi Tarix və Strateji Araşdırmalar üzrə rəisi, Quru Qoşunlarının Təlim və Doktrina Komandanlığında Döyüş Xidmətinə Dəstək Təlim Komandanlığı və Təlim Korpusu Komandiri, sonra isə 8-ci Korpus komandiri vəzifələrində çalışıb. 2012-ci ildə isə 2-ci Ordu Komandiri və Ege Ordusu Komandiri olaraq xidmət edib.
Mendi daha sonra 5 avqust 2015-ci ildə Jandarma Baş Komandanı təyin edilib. Türkiyə Silahlı Qüvvələrinin Üstün Şücaət və Fədakarlıq medalı, Türkiyə Silahlı Qüvvələrinin Müvəffəqiyyət medalı və Türkiyə Silahlı Qüvvələrində fərqlənməyə görə medalı olan Mendi evli və iki uşaq atası idi.
Hafiz Rufizoğlu