İranda keçirilən etiraz aksiyalarında ölənlərin sayı 4 minə yaxınlaşıb
ABŞ-ın Virciniya ştatı mərkəzli İran İnsan Hüquqları Aktivistləri Xəbər Agentliyi (HRANA) İranda iqtisadi problemlərə qarşı keçirilən etiraz aksiyalarında həyatını itirənlərin sayının 3 min 90-a yüksəldiyini açıqlayıb. İran rəsmiləri indiyədək etiraz aksiyaları zamanı ölən və yaralananların ümumi sayı ilə bağlı rəsmi açıqlama verməyiblər. Bununla belə, daha əvvəl yayılan məlumatlarda, hadisələri təxribat məqsədilə yönləndirdiyi və ya terror təşkilatları ilə əlaqəli olduğu iddia edilən təxminən 3 min nəfərin saxlanıldığı bildirilmişdi.
Türkiyə–İran sərhədində 24 saatlıq təhlükəsizlik rejimi tətbiq olunur - Türkiyə MN
Türkiyə Milli Müdafiə Nazirliyi İrandakı son vəziyyətlə bağlı ölkənin şərq sərhədlərində görülən genişmiqyaslı təhlükəsizlik tədbirləri barədə məlumat yayıb. Nazirliyin həftəlik brifinqində 560 kilometrlik İran sərhədinin hər cür hava və ərazi şəraitində 24 saat fasiləsiz qorunduğu bildirilib. Sərhəd xətti boyunca texnoloji vasitələrlə gücləndirilmiş fiziki təhlükəsizlik sistemlərinin qurulduğu və bölmələrin imkanlarının mütəmadi artırıldığı qeyd olunub.
İran ABŞ bazalarını hədəfə alacağı ilə bağlı xəbərdarlıq edib
İran ABŞ-ın ölkəyə mümkün hərbi müdaxiləsi halında regionda yerləşən ABŞ hərbi bazalarına zərbələr endirə biləcəyi barədə ABŞ qoşunlarına ev sahibliyi edən qonşu dövlətləri xəbərdar edib. Məlumata əsasən, ABŞ-ın regiondakı əsas hərbi obyektlərindən biri olan Qətərdəki Əl-Udeyd aviabazasında xidmət edən bəzi amerikalı personalın təhlükəsizlik məqsədilə bazanı tərk etməsi tövsiyə olunub. Diplomatlar bu addımı “mövqe dəyişikliyi” kimi qiymətləndirib və hələlik genişmiqyaslı hərbi evakuasiya əlamətlərinin müşahidə olunmadığını bildiriblər.
İranda davam edən etiraz aksiyalarında həyatını itirənlərin sayı 2 min nəfərə çatıb
İran Məhkəmə Tibb Ekspertizası Qurumunun rəhbəri Abbas Məscidi Arani ölkədəki etirazlar zamanı həyatını itirən etirazçıların əksəriyyətinin silahlı terrorçular tərəfindən hədəf alındığını açıqlayıb. İran dövlət televiziyasına danışan Arani ölənlərin mühüm hissəsinin kəsici alətlərlə həyati orqanlarından zərbə aldığını və ya yaxın məsafədən ov tüfəngləri ilə vurulduğunu iddia edib. O bildirib ki, etirazçıların arasına xüsusi silahlı təlim keçmiş qruplar sızıb və onlar qəsdən nümayişçiləri hədəf alaraq ölüm hallarına səbəb olublar. İran rəsmisi həm mülki şəxslərin, həm də təhlükəsizlik qüvvələrinin ölümünə görə məhz bu "terrorçu qüvvələrin" məsuliyyət daşıdığını vurğulayıb.
Devlet Bahçeli İrandakı gərginliyin həm Türkiyəni, həm də bölgəni təhdid etdiyini bildirib
MHP sədri Devlet Bahçeli partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxış edərək İrandakı hadisələrin və ölkənin ərazi bütövlüyünün əhəmiyyətinə toxunub. Devlet Bahçeli İranın ərazi bütövlüyünün bölgə üçün həyati önəm daşıdığını vurğulayıb. O bildirib ki, İranda baş verən hər hansı bir narahatlıq və sabitliyin pozulması həm Türkiyəni, həm də bütün regionu birbaşa təhdid edir. MHP lideri İrana müdaxilə etmək istəyənlərin niyyətlərinin bəlli olduğunu və bu təhdidlərin Türkiyə üçün tanış ssenarilər olduğunu qeyd edib.
İranda davam edən etiraz aksiyalarında həyatını itirənlərin sayı 646 nəfərə çatıb
İranda iqtisadi problemlər səbəbindən başlayan və 16 gündür davam edən nümayişlərdə ölənlərin sayı kəskin şəkildə artaraq 646 nəfərə yüksəlib. ABŞ-da fəaliyyət göstərən İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyinin (HRANA) yaydığı son hesabatda ölkənin 31 əyalətinə yayılan etirazların ağır nəticələri açıqlanıb. Hesabata əsasən, həyatını itirənlər arasında 505 aksiya iştirakçısı, 133 təhlükəsizlik əməkdaşı və bir prokuror var. Ölənlərdən 9 nəfərinin 18 yaşından kiçik olduğu bildirilir.
Biz həm müharibəyə, həm də danışıqlara hazırıq - İran XİN
İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin müharibə istəmədiyini lakin istənilən ssenariyə, o cümlədən ədalətli danışıqlara hazır olduğunu bildirib. İran dövlət televiziyasının məlumatına görə, Əraqçi Tehrandakı xarici səfirlər və missiya rəhbərləri qarşısında çıxış edərkən ölkədə davam edən etiraz aksiyalarını qiymətləndirib. Nazir nümayişlərin dinc şəkildə başladığını, lakin sonradan xarici güclərin müdaxiləsi ilə zorakılığa çevrildiyini iddia edib.
Pezeşkian: İran hökuməti vətəndaşların dəstəyi ilə iqtisadi problemləri aradan qaldırmağa çalışır
İran hökuməti vətəndaşların dəstəyi ilə mövcud nigaranlıq və iqtisadi problemləri həll etməyə çalışır. Bunu İran prezidenti Məsud Pezşekian bu gün İran vətəndaşlarına müraciətində bildirib. Onun sözlərinə görə, ilk mərhələdə ölkə bazarlarında mövcud olan çatışmazlıq və bir növ aclıq yaratmağa çalışırdılar. Çünki mövcud tələb və təklif arasında uyğunluq yox idi. Hazırda bu problem aradan qaldırılıb.
İran prezidenti: Vətəndaşların nigaranlığını aradan qaldırmaq hökumətin vəzifəsidir
İran vətəndaşlarının nigaranlığını aradan qaldırmaq və problemləri həll etmək hökumətin borcudur. Bunu İran prezidenti Məsud Pezeşkian bu gün İran vətəndaşlarına müraciətində deyib. Onun sözlərinə görə, İran hökuməti vətəndaşların ölkənin bütün ehtiyatlarını ədalət çərçivəsində hansı partiyaya, hansı qrupa, hansı vilayətə və dilə aid olmasından asılı olmayaraq bütün vətəndaşlar arasında bölmək istədiyinə inanmalarını istəyir.
İranda internetə çıxış tamamilə kəsilib
Dekabr ayının sonlarında başlayan etiraz aksiyaları cümə axşamı etibarilə İranın 31 əyalətinin hamısına yayılıb. Paytaxt Tehranla yanaşı, Kirmanşah, Abadan, Təbriz və Şiraz kimi böyük şəhərlərdə minlərlə insan küçələrə çıxıb. Norveç mərkəzli İran İnsan Haqları (IHR) təşkilatı etirazların başladığı gündən bəri təhlükəsizlik qüvvələri tərəfindən azı 45 etirazçının, o cümlədən 8 uşağın öldürüldüyünü açıqlayıb.
Tehranın mərkəzində etirazlar yenidən alovlanıb
Tehranın mərkəzində yerləşən Böyük Bazar ərazisində etiraz aksiyaları ikinci həftəsinə daxil olub. Dünən səhər yayılan görüntülərdə paytaxtın mərkəzində, bazara yaxın ərazilərdə toplaşan etirazçıların dağıdılması üçün gözyaşardıcı qazdan istifadə edildiyi, yan küçələrin bağlandığı və gücləndirilmiş təhlükəsizlik tədbirlərinin tətbiq olunduğu görünür.
Hər cür hücuma cavab sürətli və genişmiqyaslı olacaq - İran
İran Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Donald Trampın “İranda etirazçılara qarşı güc tətbiq olunacağı təqdirdə ABŞ-ın müdaxilə edəcəyi” ilə bağlı açıqlamasına sərt reaksiya verib. Nazirlik bildirib ki, İran istənilən hücuma sürətli və genişmiqyaslı cavab verəcək. İran Xarici İşlər Nazirliyi yaydığı yazılı bəyanatda Trampın İrana dair açıqlamalarını qınayıb. Bəyanatda ABŞ-ın İrana yönəlmiş təhdidlərinin İsrailin bölgədə gərginliyi artırmaq siyasətinin tərkib hissəsi olduğu vurğulanıb.