Bakı, AzerVoice
Türk Ordusu Sakarya döyüşündə qalib gəlsə də, yunan ordularını məhv edəcək gücdə deyildi. Ordunun ciddi çatışmazlıqları var idi. Bu problemləri aradan qaldırmaq üçün xalqdan son bir fədakarlıq tələb olundu. Bütün maliyyə resursları son həddə qədər istifadə olundu. Ölkənin bütün resursları ordunun sərəncamına verildi. Döyüşlər başa çatdığı üçün Şərq və Cənub cəbhələrindəki qoşunlar Qərb cəbhəsinə köçürüldü. Digər tərəfdən İstanbuldakı türk azadlıq mübarizəsinə dəstək verən dərnəklər Müttəfiq dövlətlərinə məxsus silahları qaçıraraq Ankaraya göndərirdilər.
Türk ordusu ilk dəfə hücuma keçəcəkdi və buna görə də Yunan əsgərlərini sayca üstələməli idi. Bu dövrdə Anadoluda 200 min yunan əsgəri var idi. Türk ordusu bir illik hazırlıq nəticəsində ordudakı əsgər sayını 186 minə çatdırdı. Lakin bütün bu səylərə baxmayaraq türk ordusu sayca ciddi üstünlüyü əldə edə bilmədi .
Uzun bir hazırlıq dövründən sonra Böyük Hücum, 1922-ci ildə 25-dən 26-na keçən gecə V süvari korpusunun Kirkə aşırımı ilə yunan müdafiə xəttinin arxasına keçməsi ilə başladı. Aşırım, irəliləyən türk süvarilərinin asanlıqla məhv etdiyi bir qrup yunan əsgəri tərəfindən nəzarət altında saxlanılırdı. Türk süvariləri yunanların teleqraf xətlərini və dəmiryol xəttini kəsməyə nail oldu (hər ikisi 26 avqustda saat 18:00-da baş vermişdir). Beləliklə, düşmənin İzmir və Qara Hisar arasındakı əlaqələri kəsildi.
Avqustun 26-sı səhər saatlarında Türk Birinci və İkinci orduları eyni vaxtda hücuma keçdi. Güclü artilleriya atəşindən sonra İkinci Ordunun hücumu yunanları şoka saldı və türklər 5-ci yunan diviziyasının (Yunan I korpusunun) bəzi mövqelərini ələ keçirməyə nail oldular.
26 avqust, 1922-ci il sabahı başladılan əks hücumu Mustafa Kamal şəxsən özü Qocatəpədən idarə edirdi. Əsas zərbə qüvvəsi olmaqla I Ordu mərkəzdən, II Ordu şimaldan, III Ordu isə cənubdan hücuma keçdi. Uğurla başlayan əməliyyatda yunan mövqeləri ələ keçirildi. 27 avqustda, Afyon yunanlardan geri alındı. 30 avqustda yunan ordusunun böyük bir qismi mühasirəyə alındı. Bu qüvvələrin əksər hissəsi məhv edildi. Yunan ordusu baş komandanı General Trikopis əsir götürüldü.. Kütahya yunanlardan təmizləndi. Əldə edilən qələbə nəticəsində İzmirə gedən yolda açılmış oldu.
Bu döyüşə, Mustafa Kamalın şəxsən özü idarə etdiyi üçün, bəzən Başkomandanlıq meydan döyüşü də deyilir.