Suriya jurnalistlərin informasiya əldə etmək hüququnu təmin edən və media ilə bağlı pozuntulara görə həbs cəzasını ləğv edən yeni media qanununun layihəsini hazırlayıb. ArabAZ xəbər verir ki, Suriyanın informasiya naziri Xalid Zaarur bildirib ki, qanun layihəsi jurnalistlərin sərbəst fəaliyyət göstərə bilməsi üçün hüquqi mühitin yaradılmasına yönəlib.
Təklif olunan qanun media ilə bağlı pozuntulara görə həbs cəzalarını maliyyə sanksiyaları ilə əvəzləyir. Sənəd həmçinin jurnalistlərin məlumat əldə etmək və mənbələrinin məxfiliyini qorumaq hüquqlarını təmin edir.
Zaarur qeyd edib ki, Suriya media sektorunun inkişafı üçün akademik qurumların və təhsil proqramlarının təkmilləşdirilməsi, eləcə də hüquqi və qanunvericilik islahatlarının aparılması vacibdir.
Nazir ölkədə iqtisadiyyat, idman, siyasət və müharibə jurnalistikası kimi ixtisaslaşmış sahələrin inkişaf etdirilməsinin peşəkar media sektorunun formalaşması baxımından əhəmiyyətini vurğulayıb.