CodeRabbit 143 milyon dollar cəlb etdi - şirkətin dəyəri 1,5 milyard dollara yüksəldi
Süni intellekt əsaslı kod yoxlama platforması CodeRabbit 143 milyon dollar maliyyə cəlb edib. Yeni investisiya raundundan sonra şirkətin bazar dəyəri 1,5 milyard dollara çatıb. İnvestorlar süni intellektlə yaradılan kodların artmasının proqram təminatının yoxlanılması və təhlükəsizlik xidmətlərinə tələbi yüksəldəcəyini düşünürlər. CodeRabbit proqramçılara kod keyfiyyətini artırmaq, dəyişikliklərin təsirini qiymətləndirmək və təhlükəsizlik risklərini izləmək imkanı verir. Şirkət Avropa və Asiya bazarlarında genişlənməyi planlaşdırır.
İRİA “Microsoft for Startups Investor Network” beynəlxalq proqramına qoşulub.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) “Microsoft for Startups Investor Network” proqramına qoşularaq yerli startapların beynəlxalq bazarlara çıxışı və qlobal texnologiya ekosisteminə inteqrasiyasını təmin edəcək. Proqram çərçivəsində startaplar “Azure” bulud kreditləri, süni intellekt xidmətləri, “GitHub Enterprise” və digər texnoloji imkanlardan istifadə edəcək. Aylıq qiymətləndirmə və mentorluq mexanizmləri startapların inkişaf mərhələsində texnoloji və biznes qərarlar qəbul etməsini asanlaşdıracaq. Son qeydiyyat tarixi 1 dekabr 2026-cı il olaraq müəyyən olunub.
ABŞ-nin qlobal innovasiya platforması “Plug and Play” ilə İRİA əməkdaşlığa başlayır
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) dünya üzrə bir çox ölkədə innovasiya fəaliyyətinə töhfə verən “Plug and Play” platforması ilə əməkdaşlığa başlayır. Əməkdaşlıq çərçivəsində startapların qlobal bazarlara, akselerasiya proqramlarına, böyük şirkətlərin mentor dəstəyinə və “Silikon Vadisi” şəbəkəsi daxil olmaqla, digər qlobal investorlara çıxış imkanlarının yaradılması, ümumilikdə isə innovasiya ekosisteminin qlobal əlaqələrinin gücləndirilməsi hədəflənir.
İRİA-nın tərəfdaşlığı ilə Azərbaycanda yeni vençur maliyyələşmə şirkəti yaradılır
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və “White Hill Capital” vençur fondu arasında Azərbaycanda yeni vençur maliyyələşmə şirkətinin təsis edilməsi məqsədilə Təsis Müqaviləsi imzalanıb. “White Hill Capital” Mərkəzi Avrasiya regionunda vençur kapital yatırımları ilə onlarla startapın miqyaslanaraq böyüməsində əhəmiyyətli rol oynayıb. “INMerge” İnnovasiya Sammiti çərçivəsində əldə edilən razılaşma əsasında fondun Azərbaycandakı fəaliyyətinin genişlənməsi dəstəklənəcək.